REGİONLAR
Masallı qadınları informasiya-kommunikasiya texnologiyaları sahəsində ilkin biliklərə yiyələniblər
Masallı, 6 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” qadınlar arasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin təbliği sahəsindəki fəaliyyətini regionlarda da həyata keçirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Masallı şəhərindəki “ASAN həyat” kompleksində “ASAN xidmət”, Təhsil Nazirliyi və “Azər Türk Bank” ASC-nin dəstəyi, “FEMMES DIGITALES” Klubunun təşkilatçılığı ilə rayon qadınları üçün silsilə tədbirlər keçirilib.
Proqram çərçivəsində baş tutan konfransda ölkənin cənub bölgəsində yaşayan xanımlar arasında informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması məqsədilə klubun üzvləri olan ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və təmsilçiləri təqdimatlar keçirib, qızları və qadınları bu sahəyə həvəsləndirmək üçün öz uğurlarından danışıblar.
Tədbirdə “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Azər Türk Bank”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri çıxış edərək İKT-nin cəmiyyətin həyatının bütün sferalarındakı rolundan, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan danışıblar.
Çıxış edənlər ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən innovativ İKT layihələri haqqında məlumat veriblər, o cümlədən İKT sahəsində inkişaf etmək istəyən qadınlara “FEMMES DIGITALES” Klubunun verə biləcəyi dəstəyi diqqətə çatdırıblar.
Daha sonra Bakıdakı kompüter təhsili üzrə ixtisaslaşmış 9 nömrəli peşə liseyinin bazasında yaradılan İTSTEP Akademiyasının təqdimatında tədbirin praktiki hissəsinə start verilib.
Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə ilkin biliklərə yiyələnmək imkanı əldə ediblər.
Proqram çərçivəsində Masallı rayonunun orta məktəblərində təhsil alan qızlar arasında “Breyn-rinq” intellektual oyunu təşkil edilib.
Masallı rayonunun 4 tam orta məktəbini təmsil edən 49 şagirddən ibarət komandalar arasında keçirilmiş oyunun qaliblərinə sertifikatlar, kuboklar və hədiyyələr verilib.