REGİONLAR


Masallı sakini bir ağacda 30-a yaxın meyvə, digərində 50-dək gül calağı yetişdirib VİDEO

A+ A

Masallı, 12 avqust, AZƏRTAC

Masallı rayon Xanalion kənd sakini Əkrəm Cabbarov həyətində 150 yaşlı iki tut ağacında calaq üsulu ilə müxtəlif növ meyvə və güllər yetişdirir. Hətta o, bu ağaclara xüsusi adlar da verib - “Gül cənnət ağacı” və “Meyvə cənnət ağacı”.

AZƏRTAC xəbər verir ki, bağban bu işə 13 il əvvəl başlayıb. Hazırda ağaclardakı calaqların sayını artırmaqdadır. O, bu calaqları əvvəlcədən gövdədə oyuq açdıqdan və içini torpaqla doldurduqdan sonra ağaca palçıq vurma ilə həyata keçirir.

Əkrəm Cabbarovun tut ağacında yetişdirdiyi meyvə və güllər görənlərin marağına səbəb olur. Onun bağındakı tut ağacında nar, üzüm, əncir, heyva, alça, armud, limon, yapon əzgili, fındıq, şaftalı və s. kimi 30-a yaxın növdə meyvə calağı görmək mümkündür. Digər tut ağacında isə 50-dək gül növü becərilir. O, hətta bu ağaclarda tərəvəz də yetişdirib.

Onun sözlərinə görə, calaq olunmuş ağacların hər biri bar verir. Bu il məhsul azlığına baxmayaraq, hər bir calaqdan 5-6 kiloqram məhsul götürüb. Əkrəm ildə iki dəfə bar verən ağacın meyvələrinin digərlərindən daha dadlı olduğunu bildirir. Həvəskar bağban bu ağacları xüsusi suvarma üsulu ilə suvararaq daha çox məhsul əldə etmək fikrindədir.

Qeyd edək ki, 41 yaşlı Əkrəm Cabbarov 2-ci qrup Qarabağ müharibəsi əlilidir. 1992-1993-cü illərdə cəbhənin Şınıx, Qubadlı və digər bölgələrində düşmənlə ölüm-dirim mübarizəsində dəfələrlə mərdlik və şücaət göstərib. Bir neçə dəfə yaralanıb. Əlillik həyatı yaşayan Əkrəm məhəbbətini doğma torpağa, ağaclara, çiçəklərə, bir sözlə, təsərrüfat işlərinə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.