REGİONLAR
Masallı və Salyanda fermerlər üçün təlimlər keçirilib
Bakı, 30 avqust, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) müştərək layihəsi olan "Azərbaycan kənd təsərrüfatı maliyyə aləti layihəsi"nin nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbiri həyata keçirmək üçün Aran və Cənub bölgəsində səfərdə olub.
AYİB-dən AZƏRTAC-a bildiriblər ki, artıq bir ilə yaxın müddət ərzində Azərbaycanda uğurla həyata keçirilən "AzAFF" layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti seminarlar Aran və Lənkəran regionunda təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyi nəzdində kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə olunması üzrə dövlət xidmətinin dəstəyi ilə Salyan və Masallı rayonlarında planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin mövzularını ehtiva edən təlimlər keçirilib. Hər iki təlimdə 30-dan artıq yerli və ətraf rayonlardan fermerlər iştirak edib.
İlk tədbir Salyan şəhərində yerli icra nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Layihənin aparıcı eksperti Fəğan Ağayev bu cür seminarların fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynadığını bildirib.
"Fermerlərin maliyyə savadlılığının artırılması" təlimində tədris materialların fermerlərə izahı ilə yanaşı, onların öyrəndiklərinin nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib.
Masallı rayonunda keçirilən təlimdə fermerlər digər mövzular üzrə də biliklərin artırılmasının və bu cür tədbirlərin silsilə keçirilməsinin önəmli olduğunu qeyd ediblər.
Seminarlarda fermerləri maraqlandıran suallar və məsələlər müzakirə olunub. Sonda fermerlərə sertifikatlar təqdim olunub. "AzAFF layihəsi" çərçivəsində fermerlərə maliyyə savadlılığı mövzusunda təlimlərin gələcəkdə də davam etdiriləcək.
Qeyd edək ki, son illər ərzində Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda, xüsusi ilə kənd təsərrüfatı sektorunun inkişafını hədəfləyərək, kənd və regional inkişafı dəstəkləyən bir sıra layihələrə start verib. 2015-ci ilin sentyabrından etibarən AYİB Avropa İttifaqının dəstəyi ilə ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer və digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədilə ümumi məbləği 40 milyon ABŞ dollarınadək olan "Azərbaycan kənd təsərrüfatı maliyyə alətləri" layihəsini (AzAFF) həyata keçirməyə başlayıb. "AzAFF" özündə AYİB-in banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün qeyri-maliyyə dəstəyini birləşdirir.