REGİONLAR


Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq  subyektlərinə 309 min manat güzəştli kredit verilib

Bakı, 13 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 13-də Masallı rayonunun Dəlləkoba kəndində keçirdiyi növbəti işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 309 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu güzəştli kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatlarının, çörək və mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonu üzrə 3100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,1 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Masallının iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, onlara Fond tərəfindən rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. 2017-ci ilin ötən dövrü ərzində 840 sahibkara 65,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılan çayçılıq təsərrüfatına və mebel istehsalı müəssisəsinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib.

Forumda 60-a yaxın sahibkar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.