REGİONLAR
Masallıda 25 illik fasilədən sonra tütün əkininə başlanılıb
Masallı, 3 may, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin aqrar sektorunda yeni təsərrüfat sahələri yaradılır, çayçılıq, pambıqçılıq, üzümçülük, baramaçılığın inkişafı istiqamətində tədbirlər görülür. Bu sahəyə tütünçülük də daxildir.
AZƏRTAC xəbər verir ki, Masallı rayonunda 25 illik fasilədən sonra tütün əkininə başlanılıb.
Bir neçə gündür rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Qarğalıq, Mahmudavar və digər ərazilərində torpağa tütün şitili köçürülür. Qısa müddətdə 8 hektardan çox sahədə tütün əkilib.
Tütün sahələri əsasən əvvəlki illərdə tərəvəz və taxıl əkilən yerlərdə salınıb.
Fermerlər bildirir ki, tütünçülük nisbətən az əziyyət tələb edən, gəlirli sahədir. Əkinin başa çatdığı sahələrdə iyun ayında məhsul yığımına başlanılacaq.
Fermer Şamil Məmmədov tütün məhsulunun satış məsələsinin də həll olunduğunu bildirib: “Masallıda artıq tədarük məntəqəsi yaradılıb. Məntəqə ilə müqavilə bağlamışıq. Yığımdan sonra məhsulu tədarük məntəqəsinə təhvil veriləcək”.
Qeyd edək ki, bu il Masallı rayonunda 20 hektardan artıq sahədə tütün əkiləcək. Gözlənilən nəticə əldə olunarsa, gələn il bu rəqəmin 100 hektara çatdırılması nəzərdə tutulub.