REGİONLAR
Masallıda “Bəbirləri qoruyaq!” adlı üçüncü yay düşərgəsi təşkil edilib
Masallı, 29 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallıdakı “Viləş” otelində IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı üçüncü yay düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, düşərgənin məqsədi məktəbli gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan şagirdlərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.
“Bəbirləri qoruyaq!” adlı üçüncü yay düşərgəsində məktəblilər bu nadir heyvan növünün qorunması, insan və ətraf mühit kimi mövzularda keçiriləcək seminarlarda, bəbirlərin yaşadığı ərazilərə təşkil olunan ekskursiyalarda, müxtəlif ekoloji tədqiqatlarda və müsabiqələrdə iştirak edəcəklər.