REGİONLAR
Masallıda Beynəlxalq Tolerantlıq Günü qeyd edilib
Masallı, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılmasında müstəsna xidmətlərini xatırladıb.
Sonra Lənkəran Dövlət Universitetinin müəllimi Müşviq Bayramovun Beynəlxalq Tolerantlıq Günü ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, ölkəmizdə Beynəlxalq Tolerantlıq Günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Azərbaycanın tarixən müxtəlif millətlərin və din nümayəndələrinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olduğu vurğulanıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək Azərbaycanda müxtəlif xalqların və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, tolerantlığın və multikultural ənənələrin yüksək səviyyədə olduğunu bildiriblər.