REGİONLAR


Masallıda Cavanşir Əsədovun 80 illik yubileyi qeyd olunub

Masallı, 14 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 14-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ağsaqqallar şurasının keçmiş sədri, mərhum Cavanşir Əsədovun 80 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Cavanşir Əsədovun əmək və fəaliyyətinə həsr olunmuş qısametrajlı filmə baxıblar.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, əslində yubiley mərasiminin Cavanşir Əsədovun sağlığında keçirilməsi planlaşdırılmışdı. Amma, qismət olmadı. Nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, Yeni Azərbaycan Partiyasının üzvü, cənub bölgəsinin tanınmış ictimai xadimi, rayon ağsaqqallar şurasının sabiq sədri Cavanşir Əsədov bu il sentyabrın 16-da dünyasını dəyişdi, həyatda özündən sonra xoş izlər qoyub getdi. Onun ömür yolu gənclərimiz üçün əsl örnəkdir. O, ləyaqətli, təkrarsız bir ömür yaşayıb, eli, yurdu üçün çalışıb.

Yubiley mərasimində çıxış edən Milli Məclisin deputatı Elmira Axundova, dövlət qulluqçusu Ələşrəf Niftiyev, Əməkdar Müəllim Musarza Mirzəyev, Boradigah qəsəbə sahə xəstəxanasının baş həkimi Aygün Quliyeva və başqaları Cavanşir Əsədovun rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən, onunla bağlı xatirələrdən danışıblar.

Qeyd olunub ki, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilmiş C.Əsədov 2011-ci ildə “Tərəqqi” medalına layiq görülüb.

Respublika Ağsaqqallar Şurasının üzvü olan Cavanşir Əsədov 2001-ci ildən ömrünün sonunadək Masallı Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsində çalışıb.

Mərasimdə C.Əsədovun bir vaxtlar dərs dediyi Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin şagirdləri şair Həmid Abbasın dostuna həsr etdiyi şeiri söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.