REGİONLAR


Masallıda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib

A+ A

Masallı, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və DQİDK-nın məsul işçiləri, ağsaqqallar, dini icma sədrləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov rayondakı mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycanın dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanındığını bildirib.

Tədbirdə DQİDK-nın nümayəndəsi Əliheydər Zülfüqarovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

Ə.Zülfüqarov bildirib ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib.

Diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkən Ə.Zülfüqarov qeyd edib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək qarşıdurma yaratmaqla, onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə Azərbaycan dünyaya qlobal təhlükəsizlik məsələlərində töhfə verən ölkəyə çevrilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ-hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin edir, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

Tədbirdə, həmçinin dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib.

Seminarda çıxış edənlər din pərdəsi altında ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.