REGİONLAR
Masallıda “İntellekt” bilik yarışmasının qalibləri müəyyənləşib
Masallı, 10 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Gənclər Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 14-29 yaşlı gənclər və ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “İntellekt” bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, bilik yarışının açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəis müavini Oqtay Ağayev dövlət gənclər siyasətinin icrası istiqamətində Masallıda görülən işlərdən söhbət açıb, iştirakçılara uğurlar arzulayıb.
Bildirilib ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların biliklərini artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, gənclərin asudə vaxtının səmərəli təşkilidir.
Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışının yekununda Bala Kolatan, Bədəlan kənd tam orta məktəblərinin komandaları, habelə “Dəfinə” məktəb-liseyinin təmsilçiləri müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.
Qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə təltif edilib.