REGİONLAR
Masallıda KİV nümayəndələri ilə görüş olub
Masallı, 21 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 21-də Masallı şəhərindəki Bayraq Meydanında Milli Mətbuat Günü ilə əlaqədar ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək Azərbaycanda demokratik mətbuatın formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırladıb. Qeyd olunub ki, Ümummilli Lider demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirir, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verirdi. Milli mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamlarına əsasən jurnalistlər üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir.
N.Muxtarlı çıxışında rayonun sosial-iqtisadi inkişafından da danışaraq diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Masallıda “Asan həyat” kompleksinin, Tarix-Diyarşünaslııq Muzeyinin, Uşaq-İncəsənət Məktəbinin, Bayraq Meydanının, Dövlət Rəmzləri Muzeyinin və içməli su sisteminin açılışında şəxsən iştirak edib. Rayonda Sənaye Məhəlləsinin, Viləş su anbarının ikinci növbəsinin və turizm şəhərciyinin salınması layihələrinin həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi sayəsində minlərlə iş yeri açılıb.
Tədbirdə çıxış edən "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, AZƏRTAC-ın cənub bölgəsi üzrə müxbiri Bağır Əliyev, “Azərbaycan” qəzetinin bölgə müxbiri Seyran Cavadov, "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, jurnalist Pərvanə Əliyeva, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov, Lənkəran Dövlət Universitetinin mətbuat nümayəndəsi Esmira İsmayılova və başqaları ölkəmizdə milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KİV-ə və jurnalistlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər, həmçinin Masallıda nəşr olunan “Yeni həyat” qəzetinin 85 illiyi münasibətilə qəzetin əməkdaşlarına xoş arzularını çatdırıblar.
Bayram süfrəsi ətrafında davam edən tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda KİV nümayəndələrinə mükafatlar verilib.