REGİONLAR
Masallıda Məhərrəmlik mərasimlərinin təşkili məsələləri müzakirə olunub
Masallı, 8 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə şöbələrinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü ilə bağlı toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının əməkdaşları, dini icmaların və bələdiyyələrin sədrləri, ərazi nümayəndələri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Məhərrəmlik ayının başlaması ilə əlaqədar keçirilən dini mərasimlərə ciddi nəzarət edilməsinin vacibliyini vurğulayaraq, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunub, aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.
Diqqətə çatdırılıb ki, İmam Hüseyn tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günlər bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməli, bu istiqamətdə təbliğ olunmalıdır.