REGİONLAR
Masallıda Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anılıb
Masallı, 25 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 24-də Masallı rayonunun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsinə həsr olunmuş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Milli Qəhrəmanın kəndin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Elşad Hüseynovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışaraq bildirib ki, xalqımız Elşad kimi oğulları ilə fəxr edir. Onların igidliyi düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan tezliklə azad ediləcəyinə inam yaradır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məsul işçisi Babək Hacıyev, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Əməkdar Müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin baş redaktorun müavini Rəsul Rzayev, Milli Qəhrəmanın müəllimi Yaşar Nəzərov və başqaları Elşad Hüseynovu qəhrəmanlığını el-oba üçün qürur mənbəyi kimi dəyərləndiriblər.
Milli Qəhrəmanın qızı Aytən Hüseynova onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mərasimdə şair Tahir Heydərlinin Milli Qəhrəmana həsr etdiyi “Vətən oğlu” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olub. 1979-1981-ci illərdə Gürcüstanın Batumi şəhərində hərbi xidmətini başa vurduqdan sonra Bakıda milis nəfəri kimi işə qəbul olunub.
Birinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə gedən Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir sıra başqa kəndlərin azad olunmasında iştirak edib. 1992-ci il iyunun 15-də Ağdam-Fərrux istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, doğulduğu kənddə torpağa tapşırılıb. Onun üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.