REGİONLAR
Masallıda “Qadın hüquqları, məişət zorakılığı” mövzusunda seminar keçirilib
Masallı, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqram və “Qadın hüquqları” layihəsi çərçivəsində “Qadın hüquqları, məişət zorakılığı” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən təlimdə rayonun hüquq-mühafizə orqanlarının təmsilçiləri, ərazi icra nümayəndələri, təhsil işçiləri, ziyalılar, fəal qadınlar iştirak ediblər.
Seminarda çıxış edən “Qadın hüquqları” layihəsinin eksperti Gülər Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanov qeyd ediblər ki, tədbirin keçirilməsində məqsəd qadınların cəmiyyətdə rolunun artırılması, onların sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunmasıdır.
Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınmasına dair Qanunvericilik Toplusu” və “Qadın hüquqları üzrə bələdçi” kitabı paylanılıb.