REGİONLAR


Masallıda “Vətən bizim qəlbimizdir” mövzusunda tədbir keçirilib

A+ A

Masallı, 23 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 23-də Masallı şəhərindəki Gənclər Mərkəzində Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümünə həsr olunmuş “Vətən bizim qəlbimizdir” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində hücuma keçən erməni ordusu Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal edib. Ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli və Cəbrayıl rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. İşğal zamanı amansız düşmənlə üz-üzə müdafiəsiz qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu.

İndi güclü ordumuzun hər an düşmənə layiqli cavab verməyə hazır olduğunu vurğulayan C.Manafov aprel ayının əvvəlində qoşunların təmas xəttində Milli Ordumuzun qazandığı uğurlardan da danışıb.

C.Manafov çıxışının sonunda işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini ifadə edib.

Tədbirdə ehtiyatda olan zabitlər, müharibə veteranı Camaləddin Məmmədov, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin tarix müəllimi Əflatun Qurbanov, Yeddioymaq 1 nömrəli tam orta məktəbin tarix müəllimi Məhərrəm Nəsirov çıxış edərək ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətləri xatırladıb, hər bir Azərbaycan vətəndaşının işğal altındakı torpaqlarımızı azad etməyə həmişə hazır olduğunu bildiriblər.

Masallı rayonunda məskunlaşan Şuşa şəhərindən məcburi köçkün, Digah 4 nömrəli tam orta məktəbin hərbi müəllimi Rafiq Abbasov xalqımızın başına gətirilən müsibətlərin heç vaxt unudulmayacağını qeyd edib.

Tədbir iştirakçılarına Füzuli və Cəbrayıl rayonları ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.