REGİONLAR


Masallıda “Vətənpərvərlik - Vətənə olan ülvi məhəbbətdir” devizi ilə keçirilən tur-aksiya başa çatıb

Masallı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının rayonun “İstisu” sanatoriyasında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri, aprel döyüşlərinin iştirakçıları və gənclər üçün “Vətənpərvərlik - Vətənə olan ülvi məhəbbətdir” devizi ilə keçirdiyi tur-aksiya başa çatıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev AZƏRTAC-a bildirib ki, layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların ictimai həyatdakı fəallığını daha da artırmaq, şəhid ailələri, Qarabağ müharibəsi əlillərini və onların ailə üzvlərini, eləcə də aprel döyüşlərinin iştirakçılarını daim diqqətdə saxlamaq, gənc nəsildə vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaqdır.

YAP Masallı rayon təşkilatının sıralarında ictimai-siyasi cəhətdən kifayət qədər fəal, yüksək intellektə malik gənclərin toplaşdığını, bu gənclərin dövlətçiliyimizə, Azərbaycan Prezidentinə, dövlətimizin başçısının həyata keçirdiyi siyasətə dərin hörmət və inam hisləri ətrafında birləşdiyini vurğulayan S.Əliyev tur-aksiya çərçivəsində gənclərdə yüksək vətənpərvərlik duyğularının bir daha şahidi olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı qələbədir. Bu döyüşlər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Tur-aksiya çərçivəsində bir sıra intellektual oyunlar keçirilib, müxtəlif mövzularda diskussiyalar aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.