REGİONLAR
Masallıda bələdiyyə üzvü olan qadınlar üçün təlim təşkil edilib
Masallı, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu gün Azərbaycanın dinamik inkişafı qadın və kişilərin hüquq və imkan bərabərliyinin real təminatına zəmin yaradır. Qadınların cəmiyyətdə fəal iştirakı üçün ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Masallı şəhərindəki Gənclər Mərkəzində bələdiyyə üzvü olan qadınlar üçün keçirilən “Fəal ol!” adlı təlimdə səsləndirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən qadın bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.
Təlim məşğələsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq təminatı şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib ki, 4 ildir Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə layihələr reallaşdırılır. Onlardan biri də qadın bələdiyyə üzvləri üçün “Dayaq” Mentorluq Proqramının icrasıdır. Layihənin məqsədi qadınların ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə genderyönümlü idarəetməni təmin etməkdir.
Ölkəmizdə qadınların seçkili hakimiyyət orqanlarında təmsil olunmasının ildən-ilə artdığını vurğulayan R.Süleymanzadə qeyd edib ki, 1990-cı ildə Milli Məclis üzvlərinin 4,3, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə bu, 16 faizə çatıb. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35 faiz olub.
Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsi Fidan Qasımova layihənin əhəmiyyətindən danışıb.
Təlimdə iştirak edən qadınlar mövzu ilə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi üçün test suallarını cavablandırıblar.
Ekspert-təlimçi Ruhəngiz Hüseynova və digər layihə əməkdaşları tərəfindən qarşılıqlı fikir mübadiləsi ilə davam edən təlim məşğələsində iştirakçılara “Səmərəli ünsiyyət” praktiki təlimat kitabçası paylanılıb.