REGİONLAR
Masallıda dini radikalizmə qarşı mübarizə tədbirləri müzakirə edilib
Masallı, 19 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Maarifləndirici tədbirdə təlimçisi Mobil Pəncəliyev “Qloballaşma dövründə islam maarifçiliyinin əhəmiyyəti” mövzusunda çıxış edib.
Ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər barədə məlumat verən M.Pəncəliyev bildirib ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində dövlətimiz tərəfindən tədbirlər həyata keçirilir.
Gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onların radikal təsirlərdən qorumağın yollarından bəhs edən natiq gənclərə qeyri-qanuni çağırışlara qoşulmamağı tövsiyə edib.
Sonda iştirakçılara sertifikatlar verilib.