REGİONLAR
Masallıda doqquz ayın yekunları müzakirə edilib
Masallı, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafın yekunları və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hesabat məruzəsi ilə çıxış edib.
Bu ilin doqquz ayında Masallıda sosial-iqtisadi sahədə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açan R.Hüseynov rayonda ərzaq təhlükəsizliyinin təmin edilməsi, tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı məqsədilə mövcud torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, kənd təsərrüfatının ixtisaslaşdırılması, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, sənaye məhəlləsinin inşası, tədarük mərkəzlərinin yaradılması, Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi və turizmin inkişafı Masallının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.
Müzakirələr zamanı çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, Şərəfə kənd ərazi nümayəndəsi Valeh Seyfullayev doqquz ayda görülən işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
İclasda müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.