REGİONLAR
Masallıda ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınır
Masallı, 27 may, Bağır Əliyev, AZƏRTAC
Aqrar bölmədə yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi Masallıda prioritet məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, rayonda kənd təsərrüfatının əsas istiqamətlərdən biri olan çayçılığın əvvəlki şöhrətini qaytarmaq məqsədilə ardıcıl tədbirlər görülür.
Xatırladaq ki, Masallıda əkininə ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəllərində başlanılıb. 1990-cı illərə qədər rayonda 4 min hektara yaxın sahədə çay plantasiyası olub. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb. Çay plantasiyalarının hər hektarından 50-60 sentner məhsul əldə olunub. Yığılan yaşıl çay yarpağı rayonda fəaliyyət göstərən 5 çay emalı fabrikində emal edilib.
Çayçılıq üzrə mütəxəssis Etibar Sadıqovun bildirib ki, Masallıda çayçılıq rentabelliliyinə görə digər kənd təsərrüfatı sahələrini üstələyirdi. Onun sözlərinə görə, əvvəllər əkilən çay sahələrini yenidən təyinatı üzrə istifadə etməklə çayçılığın əvvəlki şöhrətini qaytarmaq mümkündür. O deyib: “Bunun üçün lazımi vəsait olmalıdır. Çay plantasiyalarının rentabelliliyi üçün 7 il gözləmək lazımdır. Lakin investorlar buna risk etmirlər.”
E.Sadiqov qeyd edib ki, cənub bölgəsində çayçılıq təsərrüfatları tam bərpa edilərsə, yüz minlərlə insan işlə təmin olunar, il ərzində dövlət büdcəsinə milyonlarla manat vəsait daxil olar. Bunun üçün ilk növbədə çayçılıqla məşğul olan fermerlərə uzunmüddətli güzəştli kreditlər verilməlidir.
Hazırda Masallı rayonunda 43 hektar çay plantasiyası var. Bunun 5 hektarı əvvəlki illərdə, 38 hektarı isə yeni salınmış plantasiyalardır.
Rayonda çayçılığın əvvəlki şöhrətini bərpa etmək məqsədilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanılıb. Həmin ərazidə yol salınması, suvarma suyu ilə təminat, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə çay plantasiyalarının sahəsinin ən azı 1400 hektara çatdırılması mümkündür.
Çay sahələrinin genişləndirilməsi idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.