REGİONLAR
Masallıda erkən nikahlar və onun fəsadları mövzusunda müzakirələr aparılıb
Masallı, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsi və mərkəzi rayon xəstəxanasının birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onun fəsadları” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu bildirib.
Dünyada 24 yaşına qədər hər üç qadından birinin 18 yaşına çatmamış ailə qurduğunu vurğulayan C.Manafov son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyətin xüsusən kənd yerlərində və yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etdiyini diqqətə çatdırıb.
Masallı Mərkəzi Rayon Xəstəxanasının həkim-ginekoloqu Rəhimə Rzayeva çıxışında gəncləri erkən nikahların törədə biləcəyi fəsadlar haqqında məlumatlandıraraq qeyd edib ki, erkən nikahın qanun pozuntusu olduğunu yeniyetmələrə aşılamaq lazımdır. Bundan başqa, erkən hamiləlilik azyaşlı qızların sağlamlığında bir sıra fəsadlar yaradır.
Erkən nikahların, həmçinin psixoloji fəsadlar törədiyini vurğulayan həkim-ginekoloq, erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının problem olduğunu, bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini diqqətə çatdırıb.
R.Rzayeva çıxışının sonunda deyib: “Bəzən erkən nikaha girənlər sonradan peşman olurlar. Bu peşmançılıq isə boşanmalara gətirib çıxarır. Boşanma zamanı rəsmi nikah olmadığından onlar heç bir mülkiyyət hüququ əldə edə bilmirlər.”
“Dəyirmi masa”da rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov, gənclər və idman idarəsinin baş məsləhətçisi Emin Nüsrətov və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.
Diskussiya şəraitində davam edən tədbirin iştirakçılarına müzakirə edilən məsələ ilə bağlı bukletlər paylanılıb.