CƏMİYYƏT
Masallıda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub
Bakı, 18 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi nazirliyin Baş Əməliyyat İdarəsi ilə birgə avqustun 18-də “Masallı Rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirib.
Masallı Rayon İcra Hakimiyyətində keçirilən seminar-müşavirədə FHN-in Baş Əməliyyat İdarəsinin, nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri, rayonun enerji, qaz, telekommunikasiya və su təchizatı üzrə xidmətlərinin rəisləri, meşə mühafizəsi və bərpası müəssisəsinin, polis və təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak ediblər.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı vəziyyətin öyrənilməsi, həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yollarının müzakirə olunmasından ibarətdir.
Toplantıda çıxış edən natiqlər FHN-in regionda fəaliyyət göstərən qurumlarla qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə torpaq sahələrinin məqsədyönlü təyinatı, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında müxtəlif təyinatlı obyektlərin tikintisinin yolverilməzliyi, meşələrin yanğından qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının seminar-müşavirə ilə bağlı təklifləri dinlənilib, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verilib.