REGİONLAR
Masallıda hərbi-vətənpərvərlik mövzusunda seminar-müşavirə keçirilib
Masallı, 8 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon veteran təşkilatları sədrlərinin, şəhid ailələrinin, yerli icra orqanlarının və ictimai qurumların nümayəndələrinin, gənclərin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminar-müşavirədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilati və analitik informasiya şöbəsinin müdiri Lətif Babayevin “Azərbaycan qəhrəmanlar diyarıdır”, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Adil Haqverdiyevin “Aprel döyüşləri xalqımızın parlaq qəhrəmanlıq səhifəsidir”, “Azərbaycan veteranı” qəzetinin məsul katibi Səidə Abdullayevanın “Torpaq - uğrunda ölən varsa Vətəndir!”, gənclərin hərbi vətənpərvərlik şöbəsinin məktəblərdə təhsil alan gənclərlə iş üzrə mütəxəssisi Nəbi Hacıyevın “Masallı qəhrəmanları” mövzularında məruzələri dinlənilib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hüquqşünası Vüsalə Cəfərli, Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev Masallı rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Sonda Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş film nümayiş etdirilib.