REGİONLAR
Masallıda heyvandarlıqla məşğul olan fermerlər və baytar həkimləri üçün seminar keçirilib
Masallı, 29 dekabr, Bağır Əliyev, AZƏRTAC
Ərzaq Təhlükəsizliyi Proqramının uğurla reallaşdırılmasında əsas istiqamətlərdən biri də ölkədə heyvandarlığın inkişaf etdirilməsi, eləcə də heyvanların sağlamlığını qorumaq məqsədi ilə müalicə və profilaktik tədbirlərin həyata keçirilməsidir.
AZƏRTAC xəbər verir ki bu fikirlər Masallıda fermerlər və baytar həkimləri üçün “Heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda keçirilən seminarda səsləndirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə reallaşan təlim məşğələsində Masallı ilə yanaşı, Cəlilabad və Lənkəran rayonlarının fermerləri və baytar həkimləri də iştirak ediblər.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Quşların infeksion xəstəlikləri və onlara qarşı aparılan profilaktik tədbirlər”, “Heyvanların və quşların parazitar xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında məruzə edib, aqrar sahədə informasiya-məsləhət xidmətinin rolu barədə məlumat veriblər.
Seminardan sonra tədbir iştirakçıları rayondakı heyvandarlıq təsərrüfatında xaricdən gətirilərək yerli mühitdə bəslənən cins mal-qaranın saxlanma şəraiti ilə tanış olublar.