REGİONLAR
Masallıda ilk dəfə tütün yığımına başlanılıb
Masallı, 28 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallıda ilk dəfə salınan tütün sahələrində məhsul yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda tütünçülüklə məşğul olan fermer və məhsul istehsalçıları yaxşı məhsul əldə edəcəklərini gözləyirlər. Yetişdirilmiş məhsulun satılması üçün müqavilələr də bağlanılıb.
Bu il rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər 10-a yaxın kəndində ilk dəfə tütün əkilib. Yığılan tütün yarpaqları ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.
Fermer Şamil Məmmədov bildirib ki, tütünün hər kiloqramını 3 manatdan təhvil verir. Hazırda bir yığımda sahələrin hər hektarından təxminən 400-500 kiloqram yaş tütün yığılır. Bu rəqəmin qarşıdakı aylarda daha da artacağı gözlənilir.
Rayonda tütün yığımı oktyabrın sonuna qədər davam edəcək. Bu il rayonda 10 hektarda tütün əkini keçirən məhsul istehsalçıları yaxşı gəlir əldə edəcəkləri təqdirdə, növbəti illərdə bu rəqəmi 100 hektara çatdırmaq fikrindədirlər.