REGİONLAR
Masallıda intellektual bilik yarışmasının qalibləri mükafatlandırılıb
Masallı, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallıda 14-29 yaşlı gənclər və ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Kim, nə, harada və nə zaman?” intellektual bilik yarışması üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən danışaraq gənclərə yeni-yeni qələbə sevincləri arzulayıb.
Bilik yarışmasında 16 məktəb komandasını təmsil edən 110 yeniyetmə və gənc iştirak edib. Birinci yerə Qəriblər kənd tam orta məktəbinin komandası layiq görülüb. İkinci yeri Boradigah qəsəbə 1 nömrəli məktəbin komandası, üçüncü yeri isə Güllütəpə kənd tam orta məktəbin komandası tutub.
Xüsusi fəallığına görə Qəriblər kənd tam orta məktəbinin şagirdi Muxtar Əmənullayev diplomla mükafatlandırılıb.
Qalib komandaların üzvlərinə diplomlar və qiymətli hədiyyələr verilib.