REGİONLAR
Masallıda kənd həkim məntəqəsinin yeni binası istifadəyə verilib
Masallı, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 7-də Dünya Bankının maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Masallı rayonunun Yeyənkənd kəndində həkim məntəqəsi üçün inşa edilmiş yeni binanın açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, ərazi icra nümayəndəsi Barat Nağıyev, kənd ağsaqqalı Mirhəsən Əhmədov, həkim məntəqəsinin müdiri Əsgər Abbasov və başqaları sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Çıxış edənlər ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da sosial sahədə, o cümlədən əhalinin sağlamlığının qorunması, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.
Kənd sakinləri əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları həkim məntəqəsinin yeni binasında yaradılan şəraitlə yaxından tanış olublar.