REGİONLAR


Masallıda kənd təsərrüfatında müasir texnologiyalardan istifadə edilməsi ilə bağlı müzakirələr aparılıb

Masallı, 10 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Sərçuvar kəndində keçirilən seminar-müşavirədə kənd təsərrüfatının inkişafı və yeni təsərrüfat sahələrinin yaradılmasında müasir texnologiyadan istifadə edilməsi ilə bağlı müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, rayon kənd təsərrüfatı idarəsinin, bitki mühafizəsi mərkəzinin, bitkilərin karantin məntəqəsi əməkdaşlarının, bələdiyyələrin, ərazi icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə yeni texnologiyalar əsasında əkilmiş, damcı üsulu ilə suvarılan 1 hektar gül kələmi sahəsinə baxıblar.

Seminar-müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə həyata keçirilən aqrar islahatları nəticəsində rayonun kənd təsərrüfatında qazanılmış uğurlardan danışaraq bildirib ki, bitkilərin mühafizəsində, məhsuldarlığın yüksəldilməsində və kənd təsərrüfatında daha mütərəqqi üsulların tətbiqində bugünkü tədbir əhəmiyyətli rol oynayacaq.

Qeyd olunub ki, Masallı rayonunda 20 min hektar əkinə yararlı torpaqdan istifadə edilsə, 40 mindən çox iş yerinin yaranmasına imkan olacaq. Rayonda kartof, çiyələk və tərəvəz sahələrinin genişləndirilməsi, məhsuldarlığının yüksəldilməsi üçün aqrotexniki tədbirlərin həyata keçirilməsi qarışda duran vəzifələrdir.

Azərbaycanda mürəkkəb iqlim şəraitinin mövcudluğundan hər torpağa uyğun bitkilərin yetişdirməsinin vacibliyini vurğulayan R.Hüseynov rayonda kartof, çiyələk, tərəvəz, sitrus bitkilərinin əkininə diqqətin artırılması və çayçılığın inkişafı sahəsində görülən işlərin yüksək səmərə verdiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının veteran müəllimi Sarib Əhmədov, "Aqrokimya" firmasının toxumçu-aqronomu Yevgeniy Qolubev, rayon bitki mühafizə mərkəzinin aqronomu Niyaz Mirzəyev, Hişkədərə kənd ərazi icra nümayəndəsi Qumriyyə Cəfərova və başqaları çıxış edərək ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin tapşırığına uyğun tərəvəzçiliyin və təsərrüfatın başqa sahələrinin genişləndirilməsində yeni texnologiyaların tətbiqinin vacib olduğunu bildiriblər.

Torpaq mülkiyyətçiləri və fermerlər ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.