REGİONLAR
Masallıda miqrasiya xidməti ilə bağlı maarifləndirici tədbir keçirilib
Masallı, 24 may, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə regionda miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması, o cümlədən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin səmərəliliyini təmin etmək məqsədilə maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları Zamiq Kərimov, İlkin Əsgərov və Ramil Bəşirov çıxış edərək, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi istiqamətində əsaslı tədbirlərin həyata keçirildiyini bildiriblər.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin tolerant, dözümlülük prinsipləri əsasında idarə edilməsinin daha bir nümunəsidir.
Xidmətin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışıblar.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.