REGİONLAR


Masallıda müəllimlər üçün kurikulum kursları təşkil olunub

A+ A

Masallı, 23 avqust, Bağır Əliyev, AZƏRTAC

“Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Təhsil Mərkəzi Masallı şəhər 4 nömrəli tam orta məktəbində yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı müəllimlər üçün təlim kursları keçirir.

AZƏRTAC xəbər verir ki, təlimçi Namik Aslanov tərəfindən kurslar yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində yenilənən təlim proqramları əsasında aparılır.

Yeni təhsil proqramının məqsəd və vəziflərindən danışan N.Aslanov bildirib ki, kurikulum təhsilin hər bir pilləsi üzrə təlimin nəticələrinin və məzmun standartlarının, tədris fənlərinin, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarının, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirir. Bu təhsil proqramı müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini özündə birləşdirir.

Qeyd olunub ki, 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilib. Ümumi təhsilin fənn kurikulumları təhsil nazirinin əmri ilə təsdiqlənərək pedaqoji ictimaiyyətin istifadəsinə verilib.

Təlim məşğələlərində yeni təhsil proqramı üzrə bilik əldə edən müəllimlər fəal təlim xüsusiyyətlərini mənimsəməklə müasir qiymətləndirmənin əsaslarını, onun ənənəvi qiymətləndirmədən fərqini öyrənəcək, seçdikləri mövzu üzrə kurikulumun tələblərinə uyğun dərs nümunəsi hazırlayacaqlar.

On günlük təlim kursunu başa vurmuş müəllimlərə test imtahanının nəticələrinə əsasən sertifikatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.