REGİONLAR
Masallıda park-bulvar kompleksinin tikintisi sürətlə davam etdirilir
Masallı, 6 iyul, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ötən ilin oktyabr ayında Viləşçayın Masallı şəhəri ərazindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Astaradan sonra Masallı şəhərində inşa edilən park-bulvar kompleksində hazırda çayın yataq hissəsində qazma və betonlama işləri aparılır. Bəndin hər iki tərəfdən hündürlüyü 3,70 metr, çayın iki sahili arasındakı məsafə isə 10 metr təşkil edəcək.
Park-bulvar kompleksi ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrədək uzadılacaq.
Yeni istirahət mərkəzində bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq.
Viləşçayın bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular quraşdırılacaq. Burada insanlar parkın ərazisində qayıqla gəzintiyə də çıxa biləcək.
Park-bulvar kompleksinin 2016-cı ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.