REGİONLAR
Masallıda payızlıq buğda əkininə hazırlıq işləri görülür
AZƏRTAC xəbər verir ki, buğda əkini əsasən rayonunun Aran zonasında aparılır. Dəmyə əkilən buğdanın “Əzəmət” və “Qarabağ” növlərindən istifadə olunur.
Fermerlərin və torpaq mülkiyyətçilərinin sözlərinə görə, yüksək məhsul əldə etmək üçün əkin sahələri ildə iki dəfə şumlanmalıdır. Lakin, havaların quraq keçməsi əkilən sahələrin vaxtında şumlanmasını gecikdirir.
Mütəxəssislər də havaların quraq keçəcəyi təqdirdə payızlıq buğda əkinin kecikəcəyini istisna etmirlər.
Bioloq Məmədhüseyn Hüseynov bildirib ki, havaların isti keçməsi məhsuldarlığa da öz təsirini göstərəcək. Payızlıq buğda üçün vegetasiya dövrü 50-55 gün davam etməlidir. Vegetasiya gecikdikdə temperatur dəyişikliyinə məruz qalan payızlıq buğdanın məhsuldarlığı çox aşağı olur.
Taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri hesab edirlər ki, məhsulun saxlanması üçün rayonda və ya bölgədə müvafiq saxlama kameraları tikilməlidir. Rayonda bu cür kameraların olmadığı üçün istehsalçılar taxılı aşağı qiymətə satırlar.