Masallıda qabaqcıl pedaqoqun yubileyi qeyd olunub
Bakı, 5 yanvar, AZƏRTAC
Ötən il Masallı rayon Milli Qəhrəman Elşad Əhədov adına Təzə Alvadı kənd 1 saylı tam orta məktəbi bitirən 26 məzundan 16-sı yüksək balla ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan üçü 600 baldan yuxarı nəticə göstərib. Məzunlardan biri qızıl medala layiq görülüb. Pedaqoji kollektivin qazandığı bu uğurlar barədə bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən ali kateqoriyalı müəllim, qabaqcıl təhsil işçisi, məktəbin direktoru Möhsüm Süleymanovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, məktəb kollektivinin təşəbbüsü ilə keçirilən yubiley mərasimində iştirak edən qabaqcıl təhsil işçiləri, rayon və kənd ziyalıları, ağsaqqallar əvvəlcə tanınmış pedaqoqun həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Sonra rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov Möhsüm Süleymanovun məktəb direktoru və qabaqcıl kimya müəllimi kimi rayonda təhsilin inkişafına verdiyi töhfələrdən danışıb, onun müəllifi olduğu “Pedaqoji innovasiyaların tədrisdə tətbiqi məsələləri” kitabında faydalı metodiki tövsiyələrin yer aldığını diqqətə çatdırıb.
Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Ağsaqqallar Şurasının sədri Əlişrəf Niftiyev, Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Səfail Eyvazov, kənd ziyalıları Vəli Muxtarov və Göyçək Ələsgərova yubilyarın zəngin pedaqoji fəaliyyətindən söz açıb, ona xoş arzularını çatdırıblar.
Qeyd olunub ki, Təzə Alvadı kənd 1 saylı tam orta məktəbi 2017-ci ildə abituriyentlərin sayına görə yüksək bal toplayanların faiz nisbəti daha çox olan təhsil müəssisələrindən biridir. Belə ki, təhsil ocağı bu göstəriciyə görə ölkə məktəbləri arasında 59-cu yeri tutub. Məktəbin yetirmələri bir qayda olaraq təhsil göstəriciləri ilə fərqlənir, respublika fənn olimpiadalarında yüksək nəticələr qazanırlar. Bütün bu uğurlarda M.Süleymanovun özünəməxsus payı var.
Yubilyarı pedaqoji kollektiv adından Elşad Məmmədli, məktəbi qızıl medalla bitirmiş Sərhəd Bayramlı və başqaları təbrik ediblər.