REGİONLAR


Masallıda qazlaşdırma 90 faizə çatdırılacaq

Bakı, 3 sentyabr, AZƏRTAC

Masallıda qazlaşdırma 90 faizə çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sentyabrın 3-də Masallıda “ASAN həyat” kompleksinin açılışında mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Masallıya doqquzuncu dəfədir səfər etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Mən demək olar ki, hər il Masallıda oluram. Masallının inkişafı üçün önəmli addımlar atılmışdır. Rayonda infrastruktur, sosial infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri icra edilir. Bu gün Masallıda içməli su layihəsinin açılışını qeyd edəcəyik. Yadımdadır, dörd il bundan əvvəl layihənin təməlqoyma mərasimində iştirak etmişəm və şadam ki, artıq bu layihə hazırdır. Bu, Masallı şəhərinin və bəzi kəndlərin sakinlərini təmiz içməli su ilə təmin edəcək. Bu, doğrudan da böyük tarixi layihədir. Çünki siz bunu yaxşı bilirsiniz, su Masallı üçün həmişə çox ciddi problem olmuşdur. Eyni zamanda, Masallıda qazlaşdırma layihələri uğurla gedir. Yadımdadır, mənim ilk səfərlərimdə vətəndaşlar daha çox bu məsələni qaldırırdılar, şikayət edirdilər ki, qazımız yoxdur, xahiş edirik, bizə qaz xətləri çəkin. İndi isə qazlaşdırma Masallıda təxminən 80 faizə çatıbdır və görüləcək əlavə tədbirlər nəticəsində biz bunu 90 faizə qaldıracağıq. Yəni, bu problem də aradan götürülür”.

Yol tikintisinə də toxunan Prezident İlham Əliyev bildirib ki, Bakı-Astara-İran sərhədi magistral yolunun tikintisi gedir. Onun Lənkəran-Masallı hissəsi demək olar ki, hazırdır. “Bununla bərabər, Masallı rayonunda bir neçə kənd layihəsi icra edilib və onlarla kəndi birləşdirən yollar tikilib, istifadəyə verilib, bu proses davam etdiriləcək. Bütün kəndlərə gedən yollar abad olmalıdır. Bu istiqamətdə işlər aparılır”, - deyə dövlətimizin başçısı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.