REGİONLAR
Masallıda referendumla bağlı ilkin təşəbbüs qrupları yaradılıb
Masallı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ilkin təşəbbüs qrupları yaradılıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən toplantıda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müvafiq Sərəncamı barədə yığıncaq iştirakçılarına məlumat verib.
Qeyd olunub ki, dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Konstitusiya Məhkəməsinə təqdim olunan Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
S.Əliyev referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək qeyd edib ki, “Yeni Azərbaycan” təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etmək əsas məqsəd olacaq.
YAP Masallı rayon təşkilatı İdarə heyətinin üzvü Astan İbişov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev bildirib ki, bu gün xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edir. Əminik ki, “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.
Yığıncaqda referendum üzrə ilkin təşəbbüs qrupları yaradılıb və bu qruplarda təmsil olunan nümayəndələr təsdiq edilib.