REGİONLAR
Masallıda şəhidlərin xatirəsi ehtiramla anılıb
Masallı, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Kalinovka kənd tam orta məktəbində şəhid Sehran Hacıyev və Nurlan Əsgərovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, kənd sakinləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini anıblar.
Anım mərasimində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad olunub.
Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev və Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov şəhidlərin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından danışıblar.
Qeyd olunub ki, Kalinovka kənd tam orta məktəbinin məzunları olan Milli Ordunun əsgəri Sehran Hacıyev 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə, gizir Nurlan Əsgərov isə bu il aprel döyüşlərində qəhrəmancasına şəhid olublar. Kalinovka kənd tam orta məktəbinə şəhid Sehran Hacıyevin, Nurlan Əsgərovun yaşadığı evin ərazisində yerləşən küçəyə isə şəhid gizirin adı verilib.
Mərasimdə çıxış edən rayon təhsil şöbəsinin metodisti Gülağa Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Kalinovka kənd tam orta məktəbinin direktoru Hamil Qənbərov və başqaları şəhidlərin ömür yolunun böyüməkdə olan gənc nəslə örnək olduğunu bildiriblər.
Şəhid valideynləri Bayram və Ziba Əsgərovlar, Cəbrayıl Bəqəliyev, Qələmirzə İbrahimov, şəhid Sehran Hacıyevin qardaşı Əlicavad Hacıyev, şəhid İslam Abışovun döyüş yoldaşı Qalib Əliyev ölkəmizdə müharibə iştirakçılarına, o cümlədən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Anım mərasiminin sonunda məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.