QAN YADDAŞI
Masallıda soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Masallı, 31 mart, AZƏRTAC
Martın 31-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov xalqımızın iki əsrdir mənfur erməni xisləti ilə üz-üzə qalmasından, ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışıb.
Mahmudavar kənd tam orta məktəbinin müəllimi, tarixçi-etnoqraf, Əməkdar Müəllim Musarza Mirzəyev azərbaycanlıların soyqırımı ilə bağlı məruzə edib. Azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə azərbaycanlının qəddarlıqla qətlə yetirildiyini vurğulayan M.Mirzəyev soyqırımının xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirildiyini, 1918-ci ilin mart-aprel aylarında 50 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, 10 minlərlə insanın öz torpaqlarından qovulduğunu diqqətə çatdırıb.
Çıxış edənlər erməni vandallarının cənub bölgəsində törətdiyi cinayətlərdən söhbət açaraq, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanın soyqırımına verilən tutarlı siyasi qiymət olduğunu bildiriblər.