REGİONLAR


Masallıda tikinti-quruculuq işləri geniş vüsət alıb

A+ A

Masallı, 8 avqust, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Masallı rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq Muzeyində və Uşaq İncəsənət Məktəbində, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 və 60 yerlik şəhər 2 nömrəli, 40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında tikinti işləri başa çatdırılıb.

Hazırda rayonda dörd məktəbin - 180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba tam orta və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəb binalarının tikintisində son tamamlama işləri aparılır.

Xıl, Səmidxan, Gəyəçöl kənd həkim məntəqələri tikilərək istifadəyə verilib. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, Lürən, Məmmədoba, Yeyənkənd həkim məntəqələrinin tikintisi isə davam etdirilir.

Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar Kompleksinin tikintisinə başlanılıb. İlkin olaraq ümumi uzunluğu 750 paqonmetr olan beton bəndin 340 paqonmetr hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılıb.

Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin tikintisində son tamamlama işləri gedir. “ASAN HƏYAT” kompleksində də tikinti işləri davam etdirilir. Hazırda kompleksin ərazisində kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr, iaşə və xidmət obyektlərinin tikintisi aparılır. Viləş çayının məcrasında yerləşən adada “ASAN HƏYAT” kompleksinə daxil olacaq istirahət guşəsinin inşası yekunlaşmaq üzrədir. Rayon kənd təsərrüfatı idarəsinin inzibati və laboratoriya binasında tikinti işləri başa çatdırılıb, Masallı Rayon Məhkəməsinin inzibati binasının isə tikintisinə başlanılıb.

Dövlət Proqramı əsasında rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Qızılağac, Hüseynhacılı, Öncəqala, Sığdaş, Xanalyan, Qodman, Babaküçə, Qasımlı, II Yeddioymaq və Məmmədoba kəndlərində daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin çəkilişi başa çatdırılıb.

“Azərsu” ASC və “Birləşmiş Sukanal” MMC tərəfindən, ümumilikdə, 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.