REGİONLAR
Masallıda tir atıcılığı üzrə rayon birinciliyi təşkil edilib
Masallı, 30 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, tədbirin əsas məqsədinin gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin Vətənə məhəbbət, milli mənəvi dəyərlərə hörmət hissini gücləndirmək və onların ordu sıralarına xidmətə hazırlığını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Yarışın yekun nəticələrinə görə bütün oyunları uğurla başa vuran Qəriblər kənd tam orta məktəbinin komandası birinci, Köhnə Alvadı kənd tam orta məktəbin komandası ikinci, Böyük Kolatan və Kosakül kənd tam orta məktəblərinin komandaları üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları verilib.