REGİONLAR
Masallının Hişkədərə kəndində Azərbaycan bayrağı ordenli şəhid Elşad Ağayevin xatirəsi anılıb
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Masallı rayonunun Hişkədərə kəndində Azərbaycan bayrağı ordenli şəhid Ağayev Elşad Aşur oğlunun 50 illik anım mərasimi keçirilib. Milli Məclisin deputatı Elmira Axundova anım mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, şəhidin adını daşıyan məktəbdə təşkil olunan anım mərasimində Elşad Ağayevin yaxınları, keçmiş sinif yoldaşları, kənd sakinləri çıxış edərək onun həyat və döyüş yolundan danışıb, xoş xatirələrini bölüşüblər.
Sonra şəhidə həsr olunan videoçarxa baxılıb.
Anım mərasimində qeyd olunub ki, Elşad Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Elmira Axundova deyib: “Mən özüm jurnalist kimi müharibə illərində mütəmadi olaraq cəbhə bölgəsində olmuşam. Xalqımız düşmənə qarşı qəhrəmancasına döyüşüb. Azərbaycanda yaşayan bütün millətlər vahid Azərbaycan xalqını təşkil edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmiz 30 min şəhid verib. Bunlardan 172 nəfəri Masallıdandır, o cümlədən keçən ilin aprel döyüşlərində də bu rayondan 3 nəfər şəhid olub. Təəssüf ki, o dövrdə böyük dövlətlər bizim torpaqlarımızı azad etməyimizə hər vəchlə mane oldular. Amma artıq qələbənin vaxtı çatıb. Keçənilki aprel döyüşləri buna ən bariz nümunədir. Prezident İlham Əliyevin də dediyi kimi, artıq səbir tükənib. Düşmən torpaqlarımızdan ya barış, ya da müharibə yolu ilə çıxarılmalıdır”.
Sonda məktəblilər şeir söyləyib, kompozisiya təqdim ediblər.
Qeyd edək ki, respublika səviyyəsində öz zəngin ənənə və məzunları ilə tanınan Hişkədərə kənd məktəbində bu günlərdə bir neçə istiqamətdə müsabiqə və yarışlar da keçirilib.
Anım mərasimində müsabiqə və yarış qaliblərinə fəxri fərmanlar verilib, xatirə şəkli çəkdirilib.