REGİONLAR
Masallının İkinci Yeddioymaq və Qasımlı kəndləri Novruz bayramı ərəfəsində təbii qazla təmin olunub
Masallı, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, martın 17-də Masallı rayonunun İkinci Yeddioymaq və Qasımlı kəndlərinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimlərində rayon rəhbərliyi, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
275 abonenti olan İkinci Yeddioymaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 min 131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri, 490 abonenti olan Qasımlı kəndinin ilk dəfə qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 29 min 896 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılış mərasimlərində çıxış edənlər hər iki kəndin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, hazırda Masallı rayonunun daha 4 kəndində - Şıxlar, Bala Təklə, Qodman və Xanalion kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə bu yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq.
Hər iki kəndin sakinləri Novruz bayramı ərəfəsində belə gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.