REGİONLAR


Masallının Qızılağac kəndinə ilk dəfə təbii qaz verilib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

İyulun 21-də Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri, “Azəriqaz” İB-nin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, 1153 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 55 min 563 metr uzunluğunda müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1153 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunub ki, hazırda Masallı rayonunun daha 13 kəndinin (Öncəqala, Hüseynhacılı, Məmmədoba, II Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndləri) qazlaşdırılması məqsədilə tikinti quraşdırma işləri aparılır. Tikintisi başa çatacaq yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.