REGİONLAR
Masallının Sığıncaq kəndinə təbii qaz verilib
Bakı, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 29-da Masallı rayonunun Sığıncaq kəndinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 477 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 415 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Masallı rayonunun daha 8 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.