REGİONLAR
Masallının tibb işçiləri peşə bayramlarını yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər
Masallı, 18 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallının tibb işçiləri peşə bayramlarını yüksək əhvali- ruhiyyə ilə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Masallı şəhərindəki “ASAN həyat” kompleksində keçirilən ümumrayon tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova rayonun tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edib.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov ölkəmizdə, o cümlədən Masallı rayonunda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb.
Tədbirdə çıxış edən Tibb İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Təşkilatının sədri Nazir Rufullayev, Mərkəzi rayon xəstəxanasının doğum şöbəsinin mama-ginekoloqu Cahan Mustafayeva, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev və başqaları səhiyyə işçilərinin peşə bayramını təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Toplantıda əhaliyə göstərilən nümunəvi səhiyyə xidmətinə görə bir qrup qabaqcıl tibb işçisinə fəxri fərmanlar və hədiyyələr verilib.
Rayonun incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri mərasimdə konsert proqramı ilə çıxış edib.