İQTİSADİYYAT


Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb

Bakı, 7 iyul, AZƏRTAC 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlərin “Azəravtoyol” ASC-nin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə aşkar edilərək aradan qaldırılması, həmçinin bu çərçivədə yeni yol və yol hissələrinin tikintisi uğurla davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti bu cür addım Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü kilometrlik (Bakı-Sumqayıt yolu) hissəsində atılıb. Belə ki, Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün yeni keçid hissə yaradılıb.

Avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Həmin hissəyə yeni asfalt-beton örtüyü döşənib. Təhlükəsizliklə bağlı köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülüb.

Qeyd olunub ki, "Azəravtoyol" ASC tərəfindən aparılmış işlər avtonəqliyyat vasitələri "Gənclər şəhərciyi" istiqamətində Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etməyə imkan verir.

Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.