ELM VƏ TƏHSİL
“Maşın tərcüməsinin nəzəri problemləri” monoqrafiyası çapdan çıxıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Kamilə Vəliyeva və filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın birgə müəllifliyi ilə “Maşın tərcüməsinin nəzəri problemləri” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiya maşın tərcüməsinin nəzəri məsələlərinə həsr olunub. Monoqrafiyada, eyni zamanda, süni intellektin mühüm problemlərindən biri olan təbii dillərin kompüterdə tanınması, kompüter vasitəsi ilə dillərin öyrənilməsi məsələlərinə toxunulub.
Əsərin yazılmasının məqsədi kompüter dilçiliyinin əsas istiqamətləri haqqında yığcam, sadə şəkildə məlumat vermək, oxucuları onun əlifbası ilə tanış etməkdir. Nəşr kompüter dilçiliyi üzrə tədqiqat aparmaq istəyənlər üçün faydalı mənbədir.