ELM VƏ TƏHSİL
Massaçusets Texnologiya İnstitutunun proqram meneceri Bakı Ali Neft Məktəbində olub
Bakı, 28 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Massaçusets Texnologiya İnstitutunun (MTİ) Beynəlxalq Elm və Texnologiya Təşəbbüslərinin (MISTI) Avrasiya üzrə proqram meneceri və qlobal səviyyədə start-up laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev, Massaçusets Texnologiya İnstitutunun məzunu Ramil Məhərrəmov və BANM-in ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər. Məqsəd dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə Azərbaycan universitetləri və şirkətləri arasında tərəfdaşlığın inkişafı istiqamətində ehtiyacların və imkanların aşkar edilməsi olub.
BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddətdə qazandığı nailiyyətləri və yeni açılan kampusu barədə məlumat verib. O, qarşılıqlı maraq doğuran məsələlərdən söz açaraq bunun iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Massaçusets Texnologiya İnstitutunun Avrasiya üzrə proqram meneceri və qlobal səviyyədə sart-up laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya MISTI təhsil proqramları barədə məlumat verib. Bildirilib ki, bu təşkilat MTİ-nin tələbələrini xaricdə ixtisas təcrübəsi, tədqiqat və tədris imkanları ilə təmin edir, dünyanın aparıcı şirkətləri, tədqiqat institutları və universitetləri ilə əməkdaşlıq etməkdə töhfə verir.
Y.Zabrovskaya deyib: “Təmsil etdiyim institut 22 ölkə ilə oxşar tərəfdaşlıq proqramları həyata keçirir. Qarşımıza qoyulan məqsədlərindən biri Azərbaycanda qlobal start-up laboratoriyaların yaradılmasıdır”.
Görüşdə, həmçinin birgə əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.Tərəflər tələbə mübadiləsi, müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması və elmi konfransların təşkili barədə razılığa gəliblər.