İQTİSADİYYAT
Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı son tamamlanma işləri aparılır VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 63 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı son tamamlanma işləri aparılır.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Maştağa-Bilgəh avtomobil yolunun tikintisi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində həyata keçirilir.
Uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılıb.
Məlumata əsasən, tikinti işləri çərçivəsində yolun eni 9 metrə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub, köhnə asfalt - beton örtüyü frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yol boyu 81 min kvadratmetr sahəyə ikiqat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənib.
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min poqonmetr yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 1-2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yol boyu yeni işıq dirəkləri də quraşdırılıb.
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, həmçinin yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Ümumiyyətlə isə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı Dairəvi yoluna və Zabrat-Maştağa-Buzovna avtomobil yoluna rahat və maneəsiz çıxışı təmin olunub.