İQTİSADİYYAT
Maştağa-Bilgəh avtomobil yolunun tikintisi işlərinə başlanılıb VİDEO
Bakı, 29 mart, AZƏRTAC
“Azəravtoyol” ASC 63 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisinə başlayıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda tikinti işləri Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru aparılır.
Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Məlumatda həmçinin qeyd olunub ki, xeyli müddətdir baxımsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 7 metrdir. Tikinti işləri çərçivəsində yolun eni 9 metrə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yeni yol yatağı salınır.
Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min kvadratmetr sahəyə ikiqat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min paqonmetr yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılır. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri görüləcək.
Ümumiyyətlə isə, avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.