CƏMİYYƏT
Maştağa sakininin evində odlu silah aşkarlanıb VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum edilən Rizvan Fərzəliyevdə odlu silah-sursatın olması barədə əməliyyat məlumatı daxil olub.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı nömrəsi silinmiş “AKSU” markalı avtomat silah, 27 patron və bir patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq, hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.